Ezonn Xəbər

Kardioloji sanatoriyanın kanalizasiyası partladı - Bilgəh qəsəbəsində sakinlərin həyəti çirkab su gölünə döndü

Kardioloji sanatoriyanın kanalizasiyası partladı - Bilgəh qəsəbəsində sakinlərin həyəti çirkab su gölünə döndü
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriyanın kanalizasiya xəttinin partlaması ciddi fəsadlara səbəb olub. Qəza nəticəsində yayılan çirkab suları, ətrafdakı fərdi evlərin həyətlərini basaraq, ərazini gölməçəyə çevirib. Qəsəbə sakini, 258 B ünvanında yaşayan bir şəxs, sanatoriyadan axan kanalizasiya sularının onun həyətinə daxil olmasından şikayətlənir. O, bildirib ki, üç gündür ki, həyətində su göl yaranıb. “Kanalizasiya suyu birbaşa həyətimə axır, bu mənim üçün ciddi maddi və mənəvi zərərdir,” - deyə sakinin şikayətində vurğulanıb. Şikayətçi, problemin başladığı gündən aidiyyəti qurumlarla əlaqə saxladığını, lakin heç bir tədbir görülmədiyini bildirir. “Kanalizasiya idarəsinə 12 dəfə zəng etmişəm, hər dəfə deyirlər ki, bu bizim işimiz deyil,” - deyə o əlavə edib. Bu antisanitariya vəziyyəti ərazidə kəskin üfunət və infeksiya təhlükəsi yaradaraq, sakinlərin yaşayış hüququnu pozur. Sakin, məsuliyyət daşıyan qurumlardan, o cümlədən sanatoriyanın rəhbərliyindən ciddi müdaxilə gözlədiyini ifadə edib. Məsələyə dair aidiyyəti qurumların və sanatoriya rəhbərliyinin mövqeyini öyrənməyi planlaşdırırıq.