Aşağı Güzdəkdə sürücüləri narahat edən yol problemi
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlərin narahatlığına səbəb olub. Sakinlər bildirirlər ki, evlərinə avtomobillə dönmək istəyən sürücülər yoldakı bütöv xətt səbəbindən sola dönə bilmir. Bu qaydanı pozan sürücülər isə 100 manat cərimə olunaraq 3 cərimə balı alırlar.
Həmin ərazidəki vəziyyət nəticəsində sürücülər evlərinə çatmaq üçün əlavə yol qət etməli, bəzi hallarda isə bir kilometr irəliləyərək yanacaqdoldurma məntəqəsinin yaxınlığından geri dönmək məcburiyyətində qalırlar. Bu, həm vaxt itkisinə, həm də nəqliyyat sıxlığının artmasına səbəb olur.
Sakinlərin narahat olduğu məsələlər yalnız avtomobillərin hərəkəti ilə məhdudlaşmır. Piyada keçidinin olmaması, zəif işıqlandırma və yüksək sürətlə hərəkət edən yük avtomobilləri, məktəbə gedən uşaqlar üçün təhlükə yaradaraq əlavə risklər meydana gətirir.
Vətəndaşların iddialarına görə, bu ərazidə bir neçə yol-nəqliyyat hadisəsi də baş verib. Problemin həlli üçün sakinlər yol nişanlarının yenidən nəzərdən keçirilməsini, piyada keçidinin çəkilməsini və sürət həddinin aşağı salınmasını tələb edirlər. Onlar bildirirlər ki, mövcud yol şəraiti dəyişməzsə, sürücülər və piyadalar üçün çətinliklər davam edəcək.