General qızı həbs edilmədi — Qərar verildi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Dünən gecə saxlanılan general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva, Sumqayıt Şəhər Məhkəməsinə çıxarılıb. Məhkəmədə prokuror, Türkərin ağır cinayətdə təqsirləndirildiyini bildirmiş və şahidlərə təsir imkanını əsas gətirərək, onun həbsini tələb edib.
Türkər Əliyeva və onun vəkili isə təqdimatın əsassız olduğunu vurğulayaraq, həbs edilməməsini xahiş ediblər. Vəkil, müvəkkilinin 4 azyaşlı uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə, Türkər Əliyevanın həbsinə əsas görməyərək, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə qərar verib. Hakim, onun himayəsində olan 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqları təkbaşına böyütməsini və vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.
Qeyd edək ki, Türkər Əliyeva keçmiş MTN generalı Ceyhun Rzayevin şikayəti əsasında saxlanılıb. İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Rzayevdən külli miqdarda pul almışdır. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 32.4, 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.