Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ukrayna ordusu, Baltik dənizində Rusiyanın "Kalibr" qanadlı raketləri daşıyan "Naro-Fominsk" adlı döyüş gəmisini vurduğunu açıqlayıb. Bu hadisə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatında əks olunub.
Bildirilir ki, əməliyyat, Rusiyanın Leninqrad vilayətində baş verən genişmiqyaslı pilotsuz uçuş aparatları hücumunun bir hissəsi olub. Eyni zamanda, Ukrayna qüvvələri Baltik dənizinin sahilində yerləşən Ust-Luqa limanının neft infrastrukturuna da zərbələr endirib.
"Reuters"in verdiyi xəbərə görə, Finlandiya Silahlı Qüvvələri də Rusiyaya aid hərbi gəmisinə hücum edildiyini təsdiqləyib. Hədəfə alınan "Naro-Fominsk" gəmisi, "Kalibr" və "Oniks" qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir.
Ukrayna tərəfinin məlumatına əsasən, bu, müharibənin başlanmasından bu yana Baltik dənizində Rusiyanın aktiv xidmətdə olan hərbi gəmisinə endirilən ilk belə hücumdur.