İmran Əliyev və Elgiz Qəhrəman haqqında hökm elan edilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Məclis.info" saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəman haqqında hökm çıxarılıb. Məhkəmə prosesi hakim Roman Ələkbərlinin rəhbərliyi altında keçirilib.
Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Tamella Musayeva isə 4 il sınaq müddəti olmaqla 7 il şərti azadlıqdan məhrum edilib.
Qərara uyğun olaraq, İmran Əliyev cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində, Elgiz Qəhrəman isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Xatırladaq ki, İmran Əliyev 19-aprel 2022-ci il tarixində həbs edilib, Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxslər kimi tanınıblar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2 maddələri ilə ittiham olunublar. İttihamlar arasında küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətlər və saxtalaşdırma halları yer alır.