Ezonn Xəbər

Bu dərmanlarla bağlı ciddi XƏBƏRDARLIQ

Bu dərmanlarla bağlı ciddi XƏBƏRDARLIQ
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən bir xəbərdarlıq edilərək, diabet və artıq çəkinin müalicəsində istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" preparatlarının nadir hallarda qəfil görmə itkisinə səbəb ola biləcək göz xəstəliyi ilə əlaqəli ola biləcəyi bildirilib. Bu, istifadəçilər üçün ciddi təhlükə yarada bilər. FDA, dərman istehsalçılarından bu risklə bağlı istifadə təlimatlarına xəbərdarlıq əlavə etmələrini tələb edir. Əsas narahatlıq, görmə sinirinə qan axınının azalması nəticəsində yaranan NAION adlı göz xəstəliyidir. Bu xəstəlik, adətən, bir gözdə qəfil və ağrısız görmə itkisinə səbəb olur və itirilmiş görmənin bərpası üçün təsdiq olunmuş bir müalicə metodu yoxdur. FDA-nın tələb etdiyi xəbərdarlıq "Ozempic", "Wegovy", "Mounjaro", həmçinin "Zepbound" və "Soliqua" preparatlarına şamil edilir. Qurumun bu araşdırması, 2024-cü ildə "JAMA Ophthalmology" jurnalında dərc olunmuş elmi tədqiqatdan sonra başlayıb. Tədqiqat, semaqlutid maddəsindən istifadə edən şəxslərdə NAION xəstəliyinin yaranma riskinin artığını ortaya qoyub. FDA-nın qiymətləndirmələrinə görə, GLP-1 qrupuna aid dərmanlardan istifadə edən hər 100 min insan arasında 6,4 nəfərdə bir il ərzində NAION qeydə alınıb. Buna qarşılıq, digər diabet dərmanlarından və ya plasebodan istifadə edənlərdə bu göstərici 3,8 olub. "Novo Nordisk" şirkəti isə hal-hazırda olan tədqiqatların GLP-1 qrupuna aid dərmanların bu xəstəliyə səbəb olduğunu sübut etmədiyini vurğulayıb.