Əliyev-Paşinyan görüşü başa çatdı — Yenilənib-Video

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev, "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək məqsədilə İrlandiyanın paytaxtı Dublində səfərdədir. Dublində prezident ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirələrin keçirilməsi gözlənilirdi.
Görüş zamanı liderlər, 2025-ci ilin avqustunda keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələri və orada imzalanmış Vaşinqton Birgə Bəyannaməsi əsasında sülh gündəliyinin irəlilədilməsi mövzusunda fikir mübadiləsi aparıblar.
Müzakirələrdə iki ölkə arasında sülhün möhkəmləndirilməsi üçün praktiki addımlar, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlərin artırılması, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakirə edilib. Həmçinin, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı barədə əldə olunan irəliləyişlərə də toxunulub.
Liderlər, 2022-ci ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistan istiqamətində 105 min ton yük daşındığını müsbət hal olaraq qeyd ediblər. Bununla yanaşı, elektrik şəbəkələrinin birləşdirilməsi və ətraf mühit məsələlərinin önəmi də vurğulanıb.
Sonda liderlər, sülh prosesində müsbət dinamikaların qorunmasının regionda sülh, sabitlik və rifahın möhkəmlənməsi üçün vacib olduğunu bir daha təsdiqləyiblər.