Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Bakıda vərəm xəstələrinin müalicəsini izləmək məqsədilə görüntülü zənglər vasitəsilə yeni bir sistem tətbiq olunur. Bu sistemin tibbi xidmətlərin əlçatanlığını artırmaq və xəstələrin dərman hazırlığını izləmək üçün tətbiq edildiyi bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən verilən məlumata görə, Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) bu üsulu vərəm xəstələrinin müalicə prosesində tətbiq edir. Bildirilir ki, belə bir yanaşma vərəm xəstələrinin müalicəsində ilk dəfə 1950-ci ildən istifadə olunmağa başlanıb. 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşviq edilən DOTS strategiyasının bir hissəsi olan birbaşa nəzarət üsulu (DOT) bu yeni yanaşmanın əsasını təşkil edir.
VOT (Video Observed Therapy) adlanan videonəzarət üsulu isə 2000-ci illərin sonlarından istifadə edilməkdədir. TƏBİB qeyd edir ki, 2017-ci ildən ÜST bu üsulu uyğun şəraitdə ənənəvi müşahidəyə alternativ kimi tövsiyə edir.
Hazırda AXM-in ambulator xidmət idarələri tərəfindən vərəm əleyhinə dərman preparatları xəstələrin yaşayış ünvanlarına çatdırılır. Dərman qəbulu prosesində tibb işçiləri tərəfindən birbaşa nəzarət, eyni zamanda videonəzarət otaqları vasitəsilə məsafədən izləmə həyata keçirilir. Bu yeni sistem vasitəsilə xəstələrin müalicə prosesi daha effektiv şəkildə izlənilir.