Ezonn Xəbər

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakıda vərəm xəstələrinin müalicə prosesinin izlənilməsi məqsədilə görüntülü zənglərdən yararlanılır. Bu barədə məlumatı vərəm xəstəliyindən əziyyət çəkən vətəndaşlar paylaşmışdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mətbuata bu tətbiqin həyata keçirildiyini təsdiqlədi. TƏBİB-in məlumatına görə, bu yanaşma Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) tərəfindən tətbiq edilir. Burada vərəmli xəstələrin müalicəsində dərman qəbulunun fasiləsizliyini təmin etmək, gündəlik nəzarəti gücləndirmək və tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsəd qoyulub. Xəstələrin dərman qəbulunu izləmək üçün həm birbaşa, həm də videonəzarət altındaki müalicə üsulları tətbiq olunur. DOT (Directly Observed Treatment) metodu 1950-ci illərdən bəri vərəm xəstələrinin müalicəsində istifadə olunur. 1994-cü ildən isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən DOTS strategiyasının tərkib hissəsinə çevrilmişdir. VOT (Video Observed Therapy) isə 2000-ci illərin sonlarından etibarən tətbiq edilir, 2017-ci ildən isə ÜST tərəfindən alternativ bir müalicə metodu kimi tövsiyə olunmuşdur. Hazırda AXM-in ambulator xidmət göstərən müəssisələrində vərəm əleyhinə dərmanlar xəstələrin yaşadığı ünvanlara təcili tibbi yardım avtomobilləri vasitəsilə çatdırılır. Dərmanların qəbulu isə DOT otaqlarında və xüsusi videonəzarət otaqlarında izlənilir.