Şahmatçılarımız Avropa çempionatını üç medalla başa vurdular - FOTO

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan şahmatçıları Yunanıstanın Krit adasında, Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medal ilə başa vurublar. Bu məlumatı Azərbaycan Şahmat Federasiyası verib.
Yarışda 18 yaşadək qızlar arasında mübarizəyə qatılan Nərmin Abdinova, 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub edərək, 9 turda 9 xalla fenomenal nəticə əldə edib. Abdinova, əvvəlki turlarda çempionluğu təmin edərək yarışın sonunda maksimal nəticə ilə çıxış edib.
Eyni zamanda, 18 yaşlı oğlanların yarışında Tunar Davudov, son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələrək 7 xal toplayıb. Bu nəticə ilə Davudov qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların yarışında isə Selin Məmmədova, Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib və Avropa çempionatının bürünc medalçısı olub.
Beləliklə, Azərbaycan nümayəndələri Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuraraq, komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürməyi bacarıb.