Ezonn Xəbər

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” mövzusunda tədbir keçirilib. Bu tədbir IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə həyata keçirilib. Tədbir iştirakçılara IDEA tərəfindən hazırlanmış qısametrajlı sənədli filmin nümayişi ilə başlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılışda çıxış edərək hava çirklənməsinin insan sağlamlığına təsirlərindən bəhs edib və daha sağlam şəhərlərin yaradılmasında ekoloji amillərin əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva, eyni zamanda, Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi, yaşıllığın genişləndirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi sahəsində reallaşdırılan layihələrdən danışıb. Onun rəhbərlik etdiyi IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi və ağacəkmə aksiyaları da diqqətə çatdırılıb. Tədbirdə çıxış edən COP29-un prezidenti Muxtar Babayev, havanın keyfiyyətinin artırılması ilə iqlim dəyişmələrinə qarşı mübarizənin əlaqəsini dinləyicilərə təqdim edib. O, beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edərək, şəhərlərdə zərərli tullantıların azalmasını və dayanıqlı nəqliyyat sistemlərinin inkişafını önə çəkib. Tədbirin rəsmi hissəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali hava keyfiyyətinin monitorinqi və zərərli tullantıların azaltma yolları haqqında məlumat verib. Daha sonra fərqli ekspertlərin iştirakı ilə keçirilən panel müzakirəsində hava çirklənməsinin azaldılması tədbirləri və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı müzakirə olunub. Tədbirin sonunda, daha sağlam şəhər mühitinin yaradılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün dəvət olunan iştirakçılar arasında müzakirələr aparılıb.