Ezonn Xəbər

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak etdi

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” mövzusunda müzakirələr keçirilib. Bu tədbirdə vacib məsələlərdən biri şəhər mühitində havanın keyfiyyəti olub. Tədbirin açılışında çıxış edən Leyla Əliyeva hava çirklənməsinin insan sağlamlığına olan təsirlərini qeyd edərək, sağlam və dayanıqlı şəhərlərin yaradılmasında ekoloji amillərin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın dayanıqlı şəhərsalma üzrə müvafiq təcrübələrindən, yaşıllıq sahələrinin artırılması və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Eyni zamanda, COP29-un Prezidenti Muxtar Babayev havanın keyfiyyətinin yaxşılaşdırılması ilə iqlim dəyişikliklərinə qarşı mübarizənin əlaqələrini vurğulayıb. O, zərərli tullantıların azaldılması və dayanıqlı nəqliyyat sistemlərinin inkişafında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tədbirin rəsmi hissəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali, hava keyfiyyətinin monitorinqi və ekoloji idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiqinə dair fikirlərini bölüşüb. Tədbirin panel müzakirəsində isə ekspertlər yaşıl infrastrukturun şəhərsalma proseslərinə inteqrasiyası, ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı və iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri üzrə fikirlərini söyləyiblər. Havanın keyfiyyətinin yaxşılaşdırılması və daha sağlam şəhər mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın vurğulandığı müzakirələrdə iştirak edən ekspertlər, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqinin vacibliyini bir daha təsdiqləyiblər.