Ezonn Xəbər

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yeni yaşayış kompleksində 1 049 mənzili güzəştli olaraq satışa çıxarır. Satış prosesi dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. MİDA-nın məlumatına görə, satışa çıxarılan mənzillərin 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir. Mənzillərin qiymətləri müxtəlifdir: Hövsan Yaşayış Kompleksində 4 otaqlı mənzil 118 800 manat, Binəqədi Yaşayış Kompleksində 3 otaqlı mənzil 98 415 manatdan, Şirvan Yaşayış Kompleksində 2 otaqlı mənzil 54 815 manatdan başlayır. Yevlaxda 1 otaqlı mənzil isə 43 225 manatdan təklif olunur. MİDA-nın bildirdiyinə əsasən, Hövsan və Binəqədi komplekslərində mənzillər yalnız şəxsi vəsaitlə əldə edilə bilər. Lakin Şirvan və Yevlaxda həm şəxsi, həm də ipoteka krediti ilə mənzil almaq mümkündür. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4% olmaqla, kredit müddəti 3 ildən 30 ilə qədərdir. Şirvana aylıq ödənişlər 236 manatdan, Yevlaxa isə 186 manatdan başlayır. Mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunmuş vəziyyətdə təqdim edilir. Seçim prosesi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcək. Elektron kabinetin qeydiyyat tarixindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdir. MİDA-nın rəsmi internet saytından mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumat əldə etmək mümkündür.