Ezonn Xəbər

Mindən çox güzəştli mənzil satışa çıxarıldı

Mindən çox güzəştli mənzil satışa çıxarıldı
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd fərqli yaşayış kompleksi üzrə ümumilikdə 1 049 mənzili güzəştlə satışa çıxarmaq üçün hazırlıqları tamamlayıb. Mənzillərin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq. Satış prosesi 13:00-dək davam edəcək, 12:00-dan isə gözləmə qaydası ilə mənzil seçimi həyata keçiriləcək. Bu mənzillər Binəqədi (839 mənzil), Şirvan (201 mənzil), Hövsan (5 mənzil) və Yevlax (4 mənzil) yaşayış komplekslərinə aiddir. MİDA-nın verdiyi məlumata əsasən, Binəqədi və Hövsan komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti ilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4% olmaqla, kredit müddəti 3 ildən 30 ilədəkdir. İlk ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır. Bütün mənzillər tam hazır vəziyyətdə, mətbəx mebeli, kombi isitmə sistemi və digər infrastrukturla təchiz olunub. Mənzil seçim prosesi elektron ”Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə bilər. Elektron kabinetin qeydiyyat tarixindən asılı olmayaraq, bütün iştirakçılar bərabər hüquqa malikdirlər. Mənzillərin qiymətləri, sahələri və satış şərtləri haqqında ətraflı məlumatı MİDA-nın rəsmi saytından əldə etmək mümkündür.