COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 12-də Azərbaycanda “Eternity-2026” adlı kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələri iştirak ediblər. Mərasim, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində baş tutmuşdur.
Təlimin icrasında Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı; “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də iştirak edir. Mərasimdə 200-dən çox iştirakçının cəlb olunduğu qeyd edilib.
Açılış mərasimində müdafiə naziri Zakir Həsənov iştirak etməyib. General-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb.
Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı koronavirusa yoluxduğunu açıqlamışdır. O, Ərdoğanın rəsmi qarşılanmasında iştirak etməmişdir.