Ezonn Xəbər

Bağça müəllimlərinin sertifikatlaşdırılması başlayır – Tarixlər

Bağça müəllimlərinin sertifikatlaşdırılması başlayır – Tarixlər
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Dekabrın 5-6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi həyata keçiriləcək. İmtahanların 14 şəhər üzrə 21 mərkəzdə təşkil edilməsi planlaşdırılır və bu prosesdə 9 minə yaxın iştirakçının olması gözlənilir. İştirakçılara məktəbəqədər təhsilin məzmunu, metodikası, eləcə də uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim olunacaq. İmtahan elektron qaydada keçiriləcək və iştirakçılara 120 dəqiqə müddət veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Eyni zamanda, səhv cavablar və cavabsız suallar düzgün cavabların nəticələrinə təsir etməyəcək. İştirakçılar imtahanın başa çatmasından dərhal sonra nəticələrini öyrənəcəklər. Sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini yoxlamaq, onların peşə yararlılığını dəstəkləmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan şəxslər, eləcə də uşağını tək başına böyüdən kişilər sertifikatlaşdırmada iştirak etməyəcəklər. Eyni zamanda, ilk dəfə işə qəbul olunan şəxslər üç il müddətində bu müayinədən azaddırlar. 60 və daha yuxarı yaşda olan iştirakçılar üçün isə sertifikatlaşdırmaya iştirak etmək könüllüdür. İmtahanın dəqiq vaxtı və keçiriləcəyi yer barədə iştirakçılara məlumatlar şəxsi kabinetlərində təqdim olunub.