Ezonn Xəbər

Nənəsinin evindən oğurluq edən şəxsə hökm oxundu

Nənəsinin evindən oğurluq edən şəxsə hökm oxundu
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Gəncə Ağır Cinayətlər Məhkəməsində Ayxan Qasımov (soyadı şərtidir) haqqında cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə o, 4 il 5 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına görə, Ayxan Qasımov Gəncə şəhərində bir neçə oğurluq hadisəsi törədərək özgənin əmlakını gizli yolla talayıb. Müxtəlif əməliyyatlar nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 98 842 manat məbləğində maddi ziyan dəyib. İstintaq materiallarında Ayxan Qasımovun ilk oğurluq hadisəsini nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsindən istifadə edərək törətdiyi qeyd olunur. O, 2023-cü il iyulun 17-dən avqustun 17-dək olan müddətdə nənəsinin Gəncə şəhərindəki evinə daxil olaraq içəridəki əmlakı talayıb. Bu yolla nənəsinə 85 242 manat maddi ziyan vurub. Sonrakı oğurluq hadisələri də qeyd edilib. Ayxan Qasımov 2023-cü ildə bir zərərçəkmiş şəxsin fərdi yaşayış evinə daxil olub, oradan bir ədəd “Sony” markalı televizor və mikrodalğalı soba oğurlayıb. Bu əməl nəticəsində həmin şəxsə 5 000 manat dəyərində ziyan vurub. Məhkəmədə Ayxan Qasımov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini ifadə edib. Nəticədə, onun tərəfindən törədilən cinayətlər ciddi cəzaya səbəb olub. Materiallardan istifadə zamanı istinad mütləqdir.