Ezonn Xəbər

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Azərbaycanın akkreditasiya sistemi izah olunub. Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov məruzə edərək, mərkəzin fəaliyyətini, akkreditasiya sisteminin inkişafını, əldə olunan nəticələri və gələcək hədəfləri diqqətə çatdırıb. O, bildirdi ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun vacib tərkib hissəsidir və məhsul ilə xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının təmin edilməsində mühüm rol oynayır. Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur. Bu attestatlar sınaq və kalibrləmə laboratoriyalarını, sertifikatlaşdırma qurumlarını və inspeksiya orqanlarını əhatə edir. Zeynalovun sözlərinə görə, akkreditasiya attestatlarının verilməsi həmin qurumların fəaliyyətinin müəyyən edilən tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqidir. Mərkəz direktoru qeyd etdi ki, bu proses bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. E.Zeynalov, eyni zamanda, akkreditasiya sahəsində ictimai maarifləndirmə ilə bağlı medianın rolunu da vurğulayıb. Açıq dialoqun və məlumat mübadiləsinin inkişafının mühim olduğu qeyd edildi.