“Bəhanələr keçmir, mütləq udmalıyıq” - Azərbaycan üçün HƏLLEDİCİ GECƏ
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Bu gün, saat 23:45-də Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Ayxan Abbasovun başçılıq etdiyi yığma, Lixtenşteynin Vaduts şəhərindəki "Reynpark" stadionunda mübarizə aparacaq. Görüşü CBC Sport telekanalı canlı yayımlayacaq.
Hal-hazırda Azərbaycan milli komandası D Liqasının 2-ci qrupunda 5 xalla liderlik edir. İkinci yerdə olan Litva 4 xal toplayıb, Lixtenşteyn isə 1 xalla üçüncü sıradadır. Bu səbəbdən, bugünkü oyun yığmamız üçün kritik əhəmiyyət daşıyır. Azərbaycan, Lixtenşteyn üzərində qələbə qazanacağı halda, qrupun son oyununda qeydə alınmış nəticədən asılı olmayaraq, birinci yeri təmin edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının növbəti mövsümündə D Liqası ləğv ediləcək; bununla da, Azərbaycan da daxil olmaqla bu liqada çıxış edən komandalar C Liqasında mübarizə aparacaqlar. Deməli, bugünkü qarşılaşma yalnız qrup liderliyini qorumaq deyil, eyni zamanda turnirdəki çıxışını qələbə ilə başa vurmaq baxımından da əhəmiyyətlidir.
Futbol mütəxəssisi Kənan Məstəliyev, Musavat.com-a verdiyi açıqlamada, millimizin yalnız qələbə qazanmalı olduğunu vurğulayıb: "Son matçdır. Qələbə qazanmalıyıq. Rəqib zəifdir, biz də güclü yığma deyilik, amma udmalı olan tərəf bizik. Heyətimiz yaxşıdır, komanda formadadır, məşqçinin sisteminə uyğunlaşıblar. Udsaq, AÇ-2028-in seçmə mərhələsində pley-off oynamaq şansımız yaranacaq. Millimizə uğurlar arzulayıram."