Ezonn Xəbər

Media və Yayım Şurası manipulyativ vizual təqdimatlara qarşı xəbərdarlıq edir

Media və Yayım Şurası manipulyativ vizual təqdimatlara qarşı xəbərdarlıq edir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikası Media və Yayım Şurası, bəzi media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması ilə bağlı yayımlanan məlumatların təqdimatında manipulyativ vizual materialların istifadə olunduğunu açıqlayıb. Bu cür vəziyyətin auditoriyada yanlış təsəvvürlər yaratdığı bildirilib. Şura, yayımlanan xəbərlərdəki fotoşəkillərin materialın predmetinə aid olmadığına diqqət çəkib. Belə görüntülərin təqdimatı, hadisənin coğrafi məkanı və tərəflər arasındakı əməkdaşlığın mahiyyəti haqda düzgün məlumat verilməməsinə səbəb ola bilər. Bu isə, cəmiyyət arasında yanlış məlumatların yayılmasına gətirib çıxarır. Eyni zamanda, eyni vizualların digər media və sosial şəbəkələrdə təkrar paylaşılması, səhv məlumatların geniş auditoriyaya yayılma ehtimalını artırır. Bu vəziyyət isə, mövzu ətrafında əsassız müzakirələrin yaranmasına səbəb olur. Media və Yayım Şurası, xəbər vizual tərtibatında istifadə olunan materialların mənbəyinin və çəkildiyi yerin yoxlanılması, eləcə də qarışıq təəssürat yaratmamaq üçün vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə çağırıb. Şura, əlavə olaraq, auditoriyanı yanıltma potensialı olan təqdimatların edilməməsinin vacibliyini vurğulayıb.