Ezonn Xəbər

Bu sahələr sürətlə böyüyür - Ekspert səbəbləri AÇIQLADI

Bu sahələr sürətlə böyüyür - Ekspert səbəbləri AÇIQLADI
Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir. Son illər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində inkişaf müşahidə olunsa da, bəzi sektorlarda artım daha sürətli baş verir. Xüsusilə nəqliyyat və informasiya kommunikasiya texnologiyaları (İKT) sahələri bu baxımdan diqqət çəkir. Hər iki sahədə illik iqtisadi artımın təxminən 8-10 faiz arasında dəyişməsi onların ölkə iqtisadiyyatında getdikcə artan rolunu nümayiş etdirir. Nəqliyyat infrastrukturuna edilən yatırımlar, rəqəmsallaşma prosesinin sürətlənməsi və müasir texnologiyalara tələbatın yüksəlməsi bu sahələrdəki inkişafı stimullaşdıran əsas amillərdir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli, bu sahələrdə artımın səbəbinin ildən-ilə artan tələbat olduğunu bildirib. Son dövrlərdə tranzit daşımalarının genişlənməsi və beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın mövqeyinin güclənməsi, bu sektorda inkişafı sürətləndirir. Nəsirli, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki güclü mövqeyinin, liman və dəmir yolu infrastrukturuna edilən investisiyaların artması ilə bağlı olduğunu qeyd edir. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların artması, nəqliyyat sektorunun iqtisadi əhəmiyyətini artırır. İnformasiya-kommunikasiya texnologiyaları sahəsindəki artım isə rəqəmsallaşma, internet xidmətlərinə tələbatın genişlənməsi və elektron ticarət ilə sıx bağlıdır. Nəsirli, dövlət və özəl sektorda bu sahəyə yönəldilən investisiyaların, yeni texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişlənməsinin əlavə iqtisadi dəyər yaratdığını vurğulayıb. Hər iki sahənin inkişafı, yalnız özləri üçün deyil, həm də ölkə iqtisadiyyatının digər sektorlara müsbət təsir göstərir. Nəqliyyat ticarət və istehsalın, İKT isə xidmətlərin səmərəliliyini artırmaqdadır. Bu səbəbdən, bu sahələrin sürətli böyüməsi, Azərbaycanda ümumi iqtisadi irəliləyiş üçün əhəmiyyətli imkanlar yaradır.