Deputat dərsliklərdəki qüsurlardan danışdı – “Vəsaitin necə xərcləndiyi ilə bağlı hesabat verilsin”

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Son illərdə məktəb dərsliklərinin vəziyyəti ciddi müzakirələrə səbəb olub. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova, parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bu məsələyə diqqət çəkib. O, dərsliklərdəki məzmun qüsurlarının, xüsusilə müəllimlər, valideynlər və mütəxəssislər tərəfindən ciddi şəkildə tənqid olunduğunu bildirib.
Akimova, aidiyyəti qurumların, xüsusən Elm və Təhsil Nazirliyinin bu tənqidlərə adekvat reaksiya verməsi və məsələlərin həllinə yönəlmiş yanaşmalar ortaya qoyması gərəkdiyini vurğulayıb. “Dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Məqsədimiz, uşaqlarımızda düzgün tarixi, milli kimliyi və ana dilini aşılayacaq dərsliklərin yaradılmasıdır,” - deyə o, qeyd edib.
Deputat, hazırda ayrılan milyonlarla manat vəsaitin səmərəli xərclənmədiyini vurğulayıb. Cəmiyyətdə yaranan haqlı etirazların qüsurlu dərsliklərin nəticəsi olduğunu ifadə edən Akimova, bununla bağlı ciddi nəzarət mexanizminin yaradılması və xərclənən vəsaitlərin şəffaflığına ehtiyac olduğunu bildirib.
O, əlavə edib ki, dərsliklərin hazırlanmasının monitorinqi üçün ekspertiza komissiyasının yaradılması zəruridir. Elnarə Akimova, dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin və mütəxəssislərin iştirakının təmin edilməsinin vacibliyini vurğulayaraq, ictimai dinləmələrin keçirilməsini də təklif edib.