“Sumqayıt Texnologiyalar Parkı”nın kapitalı 533 milyon manatı ötüb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) nizamnamə kapitalını 7 milyon manat artıraraq 533.47 milyon manat həddinə çatdırıb. Dəyişiklik 2026-cı il oktyabrın 30-da qeydə alınıb. Şirkətin əvvəlki kapitalı 526.47 milyon manat idi.
Son iki ay ərzində STP-nin nizamnamə kapitalı 14.2 milyon manat artım nümayiş etdirərək, 2.7% artmışdır. Sentyabr ayında da 7.2 milyon manat artım olmuşdu. Ötən ilin noyabrında isə kapital göstəricisi 519.27 milyon manat olduğunu qeyd edək.
“Sumqayıt Texnologiyalar Parkı” Azərbaycanın aparıcı sənaye istehsalçılarından biridir. STP Şirkətlər Qrupu, 250 hektarlıq ərazidə 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və iki mindən artıq əməkdaşı ilə tanınır. Burada kabel, boru, metal konstruksiyalar və digər sənaye məhsulları istehsal olunur.
STP, məhsullarını Avropa, Rusiya, Türkiyə və Mərkəzi Asiya bazarlarına ixrac edir. Şirkətin baş icraçı direktoru Ələkbər Abbaslıdır. O, 2025-ci ilin avqustunda bu vəzifəyə təyin edilib. STP-nin Müşahidə Şurasının sədri isə Mir Camal Paşayevdir.