Ezonn Xəbər

SOCAR və BP AÇG yatağında neftvermə əmsalını 40%-dən yuxarı qaldırmağı hədəfləyir

SOCAR və BP AÇG yatağında neftvermə əmsalını 40%-dən yuxarı qaldırmağı hədəfləyir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. SOCAR və BP, Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neftvermə əmsalını 40%-dən yuxarı qaldırmaq məqsədini irəlilədiklərini açıqlayıb. SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun bildirdiyinə görə, bu yataq, təkcə Azərbaycana deyil, qlobal miqyasda da strateji əhəmiyyət kəsb edir. AÇG yatağında indiyə qədər milyardlarla barel neft hasil edildiyinə diqqət çəkən Hüseynov, burada hələ də çıxarılması mümkün olan milyonlarla barel neft ehtiyatının qaldığını qeyd edib. O, yatağın keçiriciliyi, məsaməliliyi və digər texniki parametrlərinin neft hasilatında mühüm rol oynadığını vurğulayıb. Hüseynov, AÇG yatağının pik hasilat səviyyəsinə çatdığını, lakin SOCAR-ın hədəfinin bu aktivdən maksimum dəyər əldə etmək olduğuna da diqqət çəkib. “Biz bu məsələyə fərqli yanaşa bilərdik, ancaq BP ilə birlikdə çalışaraq yatağın son neftvermə əmsalını müəyyənləşdirməyə qərar verdik”, - deyə o əlavə edib. Müzakirələr nəticəsində 40%-dən yuxarı göstəricinin mümkün olduğu qənaətinə gəldiklərini vurğulayan Hüseynov, bunun dünya miqyasında ən yüksək neftvermə əmsallarından biri olduğunu ifadə edib. Hədəfə çatmaq üçün yeraltı qatlarda genişmiqyaslı seysmik tədqiqatların da aparılacağı bildirilib.