Həftə sonundan havanın temperaturu 10 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Son günlər müşahidə olunan mülayim hava şəraiti noyabrın 15-i axşam saatlarından etibarən dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu tarixdən başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı proqnozlaşdırılır.
Proqnozlara əsasən, şimal-qərb küləyinin arabir güclənməsi və havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə enməsi gözlənilir. Buna görə də, noyabrın 16-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağması ehtimalı mövcuddur.
Noyabrın 15-i axşam saatlarından Azərbaycanının şimal və qərb rayonlarından başlayaraq, vəziyyət daha da pisləşəcək. Məlumatlara görə, bəzi yerlərdə arabir yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Ayrıca, çaylarda sululuğun artması, Böyük və Kiçik Qafqazla yanaşı, Lənkəran-Astara bölgəsində bəzi çaylardan qısamüddətli daşqın və sel keçməsi mümkündür. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi bildirilir.