Hava həftə sonu 10 dərəcəyədək soyuyacaq - XƏBƏRDARLIQ

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bir neçə gündür davam edən mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı gözlənilir. Bu barədə məlumat, Milli Hidrometeorologiya Xidmətindən daxil olub. Havada fasilələrlə yağıntıların olacağı proqnozlaşdırılır.
İlin bu dövründəki hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar şimal-qərb küləyinin ara-sıra güclənəcəyi bildirilib. Havanın temperaturunun isə əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə enəcəyi gözlənir.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağması ehtimalı mövcuddur. Həmçinin, noyabrın 15-dən etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, bəzi bölgələrdə aralıq yağıntıların olacağı proqnoz edilir. Ayrı-ayrı yerlərdə yağıntının güclənməsi, şimşək çaxması və dolu düşməsi ehtimalları da ön görülür. Dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Hava şəraiti ilə bağlı çaylarda sululuğun artmasından narahatlıq yaranır. Xüsusilə, Böyük və Kiçik Qafqaz bölgəsi ilə Lənkəran-Astara çaylarında qısa müddətli daşqın və sel hadisələrinin baş vermə ehtimalı da istisna edilmir. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.