Ezonn Xəbər

Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq

Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Son günlərdə müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından etibarən ölkə ərazisində hava dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yağışlı hava şəraiti gözlənilir. Proqnozlara əsasən, şimal-qərb küləyinin müddətində güclənməsi və havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı düşməsi nəzərdə tutulur. Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Noyabrın 15-i axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, bəzi bölgələrdə fasilələrlə yağışın yağacağı gözlənilir. Yağıntının bir sıra yerlərdə intensivləşməsi, şimşəyin çaxması, dolunun düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı da var. Eyni zamanda, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi riskinin olduğu da qeyd olunub. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi bildirilir.