Hava şəraiti dəyişir: Noyabrın 15-dən başlayaraq temperatur 5-10 dərəcə enəcək
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Son günlər mövcud olan mülayim hava şəraiti noyabrın 15-i axşam saatlarından etibarən dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu tarixdən başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi və fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.
Hava temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə enməsi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənməsi də bu prosesə əlavə təsir göstərəcək. Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağması ehtimalı var.
Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağışlar gözlənilir. Eyni zamanda, ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi, şimşək çaxması və dolunun düşməsi, dağlıq ərazilərdə isə qar yağması ehtimal olunur.
Bu hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Böyük və Kiçik Qafqaz, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi mümkündür. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.