Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, tranzit yolla Azərbaycan ərazisindən Almaniyaya aparılan "meyvə şirəsi və enerji içkisi" yükündə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
İran İslam Respublikasından yola salınan yük, "Şahtaxtı" gömrük postunda gömrük nəzarətinə cəlb olunub. Burada müayinə zamanı stasionar rentgen qurğusunda şübhəli təsvirlər müşahidə edilib. Yükün bəzilərinin xarici görünüşünün fərqlənməsi üçün xüsusi işarələrin olduğu da ortaya çıxıb.
Yoxlama prosesi kinoloji xidmət itinin köməyi ilə davam etdirilib. Bu yoxlama zamanı 11 qutuda yerləşdirilmiş 84 ədəd şəffaf plastik butulkada kəskin iyli qırmızı maye olduğu müəyyənləşdirilib.
Sonrakı analizlər nəticəsində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən butulkalardakı maddənin xalis təmiz çəkisinin 29 kiloqram 485.111 qram metamfetamin olduğu təsdiqlənib. Bu əməliyyat psixotrop maddələrin gömrük nəzarətindən gizlədilməsinin qarşısını alınması baxımından əhəmiyyət kəsb edir.