Onlarla insanın həyatını xilas edən cihaz – İş yerlərində məcburi olacaq?

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Hər birimizin iş saatları ərzində rastlaşdığı vəziyyətlərdən biri, əməkdaşlardan birinin qəfil halının pisləşməsidir. Bu cür hal başgicəllənmə, halsızlıq, təzyiqin ani yüksəlməsi və ya aşağı düşməsi ilə özünü göstərə bilər. Lakin, ofisdə təzyiq ölçən cihazın olmaması, fərdlərin sağlamlığına ciddi risklər yaratmaqdadır. Azərbaycanda bir çox iş yerində bu problemlə qarşılaşılır.
Maliyyə baxımından əhəmiyyətli olmasa da, istifadəsi asan olan elektron təzyiq ölçən cihazlarının iş yerlərində olması mütləqdir. Məsələn, Türkiyədə iş yerlərində avtomatik defibrilyatorların istifadəsinin məcburiyyət halına gəlməsi, çalışanların sağlamlığının vacibliyini bir daha gündəmə gətirir. Qonşu ölkədə bu cür avadanlıqların olması, əmək hüquqlarının qorunması üçün ciddi addım olsa da, Azərbaycanda hələ də sadə bir təzyiq ölçən cihazın əksikliyi narahatlıq doğurur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsində işəgötürənin əmək şəraitini yaxşılaşdırmaq və işçilərin sağlamlığını qorumaq öhdəliyi olduğuna baxmayaraq, bu tələblərin yerinə yetirilib-yetirilmədiyi sual altındadır. Çox sayda müəssisə bu məsuliyyəti yetərincə dərk etmir, nəticədə isə işçilər risk altında qalır. Ritorik sual olaraq, bu sahədə ciddi tədbirlərin görülməsinin vacibliyi önə çıxır.
İşçilərin sağlamlığının qorunması üçün elektron təzyiq ölçən cihazların təmin olunması məsələsi müzakirəyə açılmalıdır. Eyni zamanda, ilkin tibbi yardım vasitələrinin, məsələn, termometrin və təzyiq ölçən cihazın hazır olması, qəfil sağlamlıq problemlərinin vaxtında qiymətləndirilməsini asanlaşdıracaq. Qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, bu cihazların iş yerlərində məcburi olması zəruridir. Şəfiqə Şəfa, Bizim.Media