Ezonn Xəbər

Hava yenidən dəyişir - Yağış, dolu, qar yağacaq

Hava yenidən dəyişir - Yağış, dolu, qar yağacaq
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Son bir neçə gündür davam edən mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fasilələrlə yağış, dolu və qar gözlənilir. Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənməsi ilə birlikdə havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Bakıda və Abşeron yarımadasında isə noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalları var. Noyabrın 15-i axşam saatlarından başlayaraq, Azərbaycanın şimal və qərb rayonlarında hissə-hissə yağıntılar olacağı bildirilib. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi, şimşək çaxması, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması gözlənilir. Bununla yanaşı, çaylarda sululuğun artması, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi istisna olunmur. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi qeyd edilib.