Mercedes Almaniyada investisiyaları dayandırır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Mercedes-Benz, Almaniyada əməkhaqqını artırmadan həftəlik iş vaxtını 35 saatdan 40 saata çatdırmaq məqsədilə danışıqlar apardığını, lakin həmkarlar ittifaqları ilə razılaşma əldə edə bilmədiyini açıqlayıb. Bu vəziyyət nəticəsində şirkət, ölkədə "bütün gələcək investisiyaları" dayandırmaq qərarına gəlib ve zavodların bağlanma imkanını nəzərdən keçirir.
Almaniyada Mercedes-in 12 zavodu fəaliyyət göstərir və 2025-ci ilin sonuna olan məlumata görə, burada 107 mindən çox işçi çalışır ki, bu da şirkətin ümumi işçi qüvvəsinin təxminən 66 faizini təşkil edir. Şirkət rəhbəri Mixael Şibe bildirib ki, mövcud xərc strukturu avtomobil istehsalçısına Almaniyaya yeni sərmayə qoymağa imkan vermir.
Mercedes-Benz-in idarə heyətinin üzvü Britta Zeeger isə, müəssisənin zavodların bağlanmasından hər hansı bir formada yayınmağı məqsəd qoyduğunu, lakin artıq bu variantı ciddi şəkildə nəzərdən keçirməyə məcbur olduqlarını vurğulayıb.
Şirkət, 2026-cı ilin oktyabrında Çində satışların azalması səbəbindən mənfəət azalması olacağını və biznesin restrukturizasiya prosesini sürətləndirəcəyini də qeyd edib. Almaniyanın avtomobil sənayesi, yüksək istehsal xərcləri və Çin istehsalçılarının güclənməsi səbəbindən çətinliklərlə üzləşir. Roland Berger konsaltinq şirkətinin hesabatına görə, bu reallıqlar altında 2030-cu ilədək Almaniyanın avtomobil sənayesində ən az 200 min iş yerinin itirilməsi mümkündür.