Ucuz mənzillərə gedən yol BAĞLANDI
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində 1,049 mənzilin güzəştli satışını elan edib. Satış prosesi 16 dekabr tarixində saat 11:00-da başlayacaq. Mənzil qiymətləri komplekslərə və otaq sayına görə fərqlənir. Məsələn, Hövsan Kompleksində 4 otaqlı mənzil 118,800 manatdır, Binəqədidə isə 3 otaqlı mənzillərin qiyməti 98,415 manatdan başlayır.
Hövsan və Binəqədi komplekslərində yalnız şəxsi vəsait hesabına satış gerçəkləşəcək. Bu isə mənzil sahibi olmağı arzulayan, lakin kifayət qədər maddi imkanı olmayan vətəndaşlar üçün çətinlik yaradır. Şirvan və Yevlaxda isə ipoteka imkanı var, burada güzəştli ipoteka faiz dərəcəsi 4%-dir və aylıq ödənişlər Şirvanda 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.
Ekspert Fərid Cəfərli, MİDA-nın güzəştli mənzil siyasətinin sosial əlçatanlığı təhlil edərək bildirib ki, nağd ödəniş məhdudiyyətləri aşağı və orta gəlirli ailələrin mənzil əldə etmə imkanlarını azaldır. O, proyektlərin sayının məhdud olmasının real sosial ehtiyaclarla uyğun olmadığını vurğulayıb.
Cəfərin fikrincə, MİDA-nın yalnız müəyyən sayda mənzili satışa çıxarması kifayət deyil. O, ipoteka mexanizmlərinin genişləndirilməsi və şəffaf statistik məlumatların dərc edilməsinin vacibliyini qeyd edib. Sosial mənzil siyasətinin məqsədi sadəcə satış deyil, həm də real mənzil probleminin həlli olmalıdır.