Mövsümün son yarmarkası keçirilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Kürdəmir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mövsümün son toxum sərgi-satış yarmarkası keçirilib. Eyni zamanda, Aqrar Biznes Festivalı çərçivəsində "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi baş tutub.
Tədbir, Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisində baş verib və fermerlər, toxumçuluq təsərrüfatlarının nümayəndələri ilə birgə dövlət qurumlarının nümayəndələri iştirak edib. Yarmarkada fermerlərə sertifikatlı toxum nümunələri təqdim olunub, eləcə də, fərdi və özəl toxumçuluq subyektlərinin təqdim etdiyi toxumların xüsusiyyətləri və becərilmə qaydaları haqqında məlumat verilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, aqrar istehsalın inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. O, yerli istehsalçıların məhsullarının tanıdılması və fermerlərin keyfiyyətli toxumlarla təminatı baxımından bu yarmarkaların vacibliyini qeyd edib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə, bölgələrdə keçirilən tədbirlər vasitəsilə aqrar yeniliklərin fermerlərə təqdim edildiyini və müasir texnologiyaların tətbiqinin təşviq edildiyini bildirdi. O, bu illər ərzində 100-dən artıq Aqrar Biznes Festivalı keçirildiyini də əlavə etdi.
Tədbir çərçivəsində toxum sərgi-satış yarmarkalarında fəal iştirak edən toxumçulara təşəkkürnamələr təqdim olundu. Eyni zamanda, panel müzakirələrində kənd təsərrüfatı və aqvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının prioritetləri müzakirə olunub. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan üzrə 16 rayonun 7 iqtisadi rayonu əhatə olunmaqla daha çox yarmarkalar keçirilməsi planlaşdırılır.