Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-oktyabr dövründə Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 57 milyard 523 milyon 400 min manat təşkil edib. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artım göstərir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, qeyri-ərzaq mallarının satışı 6,6% artaraq 26 milyard 464,8 milyon manata çatıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı isə 1,5% artımla 31 milyard 58,6 milyon manat təşkil edib.
Hesabat dövründə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə satışlar 970 milyon manata, əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı isə 1 milyard 560 milyon 400 min manat olub. Eyni zamanda, elektrik malları və mebellərin satışı 8,7% artaraq 2 milyard 871,2 milyon manata yüksəlib.
Alıcıların pərakəndə ticarətdə xərclədiyi hər 100 manatın 50 manatı ərzaq məhsullarına, 14 manatı isə toxuculuq məhsulları, geyim və ayaqqabılara sərf olunub. Eyni zamanda, ilk on aylıq dövrdə adambaşına düşən orta aylıq alış məbləği 559,9 manat olub.