Ezonn Xəbər

Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönəlmiş “FireWall 2026” hakatonuna start verdiklərini elan ediblər. Hakaton gənc mütəxəssisləri və proqramçıları real kibertəhlükəsizlik problemləri ətrafında bir araya gətirmək məqsədini güdür. Tədbir, "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası" çərçivəsində gənclərin praktiki bacarıqlarını inkişaf etdirmək və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini dəstəkləmək məqsədilə həyata keçirilir. Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 yaşından yuxarı olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsi nəticəsində, hər biri maksimum 5 nəfərdən ibarət 10 komanda hakatonda mübarizə aparmaq hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, məlumatların qorunması və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində 24 saat ərzində işləyərək həllərin ilkin versiyalarını hazırlamalıdırlar. Hakatonun nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar. İştirak etməyi planlaşdıranlar üçün qeydiyyat prosesi 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək. Hakaton, kibertəhlükəsizlik sahəsində biliklərini praktiki olaraq tətbiq etmək istəyən hər kəsi iştirak etməyə dəvət edir.