Ötən ay Azərbaycanın avtomobil bazarında orta qiymət 4 %-ə yaxın artıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bu ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında median qiymət 3,7 % artaraq 19 500 manata çatıb. Bu haqda Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) məlumat verib.
Məlumata görə, avtomobil qiymətləri yüksəlib, lakin bunun əsas səbəbi real bahalaşma deyil, bazarda satışa təqdim olunan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsidir. Oktyabrda bazarda elan sayı 7 % azalaraq 37 531-ə düşüb, lakin orta qiymət 1,9 % artımla 30 089 manat təşkil edib.
Ucuz seqmentdə “LADA (VAZ)” elanlarının payı 9,4 %-dən 8,8 %-ə, “Kia”nın payı isə 7,5 %-dən 5,7 %-ə enib. Eyni zamanda, “Mercedes”, “Hyundai”, “Toyota” və “BMW” kimi bahalı markaların xüsusi çəkisinin artması medianın yüksəlməsinə təsir edib. Hesabatda qeyd olunur ki, bazarın tərkibinin dəyişməsi statistikaya təsir edir, bu səbəbdən real vəziyyəti göstərmək üçün 2025-ci ilin dekabrı baza götürülmüşdür.
Oktyabrda 7156 elanın 39,6 %-də qiymət endirilib, yalnız 8,9 %-də qiymət artımı olub. Bu, bazarda süni bahalaşmanın olmadığını təsdiqləyir. Kütləvi seqmentdə isə qiymətlər sabitləşib. AQP statistikası, 51,2 %-lik elan payının 20 000 manatdan baha, 22,9 %-nin isə 10 000 manatdan ucuz olduğunu göstərir. Median yürüş 3 000 kilometr azalıb və hazırda 190 000 kilometrdir.
Yanacaq bölgüsündə benzin 66,7 %, dizel 20,4 %, hibrid və elektromobillər isə 12,9 % paya malikdir. Elektromobillər üzrə 496 elan (1,3 %) qeydə alınıb və median qiyməti 50 750 manatdır. Markalar arasında “Mercedes”, “Hyundai” və “LADA” liderdir. Həmçinin, qiymətlərin ucuzlaşması ilə bağlı alıcı və satıcılara statistik göstəricilərdən istifadə etmələri tövsiyə olunur.