Ezonn Xəbər

Goldman Sachs texnologiya səhmlərindəki satış dalğasından sonra S&P 500 indeksinin 14 faiz yüksələcəyini gözləyir

Goldman Sachs texnologiya səhmlərindəki satış dalğasından sonra S&P 500 indeksinin 14 faiz yüksələcəyini gözləyir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Goldman Sachs strateqləri müştərilər üçün hazırladıqları sonuncu qeyddə ABŞ səhmlərinə dair nikbin proqnozlarını təsdiqləyiblər. Investisiya bankı, S&P 500 indeksinin növbəti 12 ay ərzində 14 faiz artaraq 8700 bəndə çatacağını gözləyir. Bununla yanaşı, korporativ mənfəətin artım tempinin kəskin azalacağı proqnozu da təqdim edilib. Piter Oppenheymerin rəhbərlik etdiyi komanda, S&P 500 indeksinə daxil olan şirkətlərin səhm üzrə mənfəətində 2026-cı ildəki 36 faiz artımdan sonra, gələn il 11 faiz artım olacağını gözləyir. Bununla bərabər, bazar şərtlərinin yaxşılaşması ilə birlikdə, bizneslərini genişləndirən ayrı-ayrı şirkətlərin səhmlərinə tələbin artacağı proqnozlaşdırılır. Goldman Sachs strateqləri,hər kəsdən yüksək artım tempini qoruyub saxlaya bilən şirkətlərin axtarılacağına diqqət çəkirlər. Son zamanlar yaşanan satış dalğası nəticəsində ən iri texnologiya şirkətlərinin səhmləri tarixi göstəricilərlə müqayisədə aşağı qiymətləndirilir. Süni intellekt infrastrukturuna yatırılan sərmayələrin özünü doğruldacağına dair yaranan qeyri-müəyyənliklər, xüsusən də Nvidia ətrafında yaranan qalmaqal, Nasdaq 100 indeksinin oktyabrın əvvəlindəki maksimumdan 9 faiz geriləməsinə səbəb olub. Goldman Sachs, hiperskeylerlərin səhmlərini xüsusilə cəlbedici hesab edir, çünki həmin səhmlər tarixi orta göstəricilərindən xeyli aşağı qiymətləndirilir. Nəticədə, bu şirkətlərin dayanıqlı maliyyə vəziyyəti yatırım bankına onları müdafiə xarakterli investisiya kimi qiymətləndirməyə imkan tanıyır. Həmçinin, 2027-ci ildə ABŞ və Yaponiya şirkətlərinin səhmlərinin portfelində artırılmasını, Avropa səhmlərinin isə azalmasını tövsiyə edir.