Ezonn Xəbər

Uşaqlar sürətlə kökəlir: ÜST həyəcan siqnalı verdi

Uşaqlar sürətlə kökəlir: ÜST həyəcan siqnalı verdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dünyada uşaqlar və yeniyetmələr arasında piylənmə halları sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayımladığı məlumatlara görə, 2024-cü ilə qədər 5-19 yaş arası 170 milyon uşaq və yeniyetmədə piylənmə qeydə alınması proqnozlaşdırılır. Hesabata əsasən, bu yaş qrupunda piylənmənin yayılma nisbəti 1990-cı ildən bəri 4 dəfə artaraq 2 faizdən 8 faizə yüksəlib. ÜST-nin məlumatına görə, piylənmə ilə yaşayanların 70 milyonu 5-9 yaş, 100 milyonu isə 10-19 yaş qrupundadır. Təşkilat, piylənmənin yalnız artıq çəki kimi deyil, xroniki və təkrarlanan bir xəstəlik kimi qəbul edilməli olduğunu vurğulayıb. Piylənmə, uşaqlarda erkən yaşlardan etibarən sağlamlıq problemlərinə, xüsusilə 2-ci tip diabet və ürək-damar xəstəliklərinə yol aça bilər. Bununla yanaşı, piylənmə ilə üzləşən uşaqlar ayrı-seçkilik və zorakılığa da məruz qala bilərlər. ÜST, uşaqların piylənməsinin qarşısını almaq və müalicə etmək üçün düzgün qidalanma, fiziki aktivliyin artırılması və sağlam həyat tərzi formalaşdırılmasını tövsiyə edib. Təşkilatın fikrincə, bu prosesi dəstəkləmək üçün uşaqların ailələrinin də aktiv iştirak etməsi vacibdir. ÜST, 0-9 yaşlı uşaqlar üçün arıqlama məqsədilə dərman preparatlarının, cərrahi müdaxilələrin və xüsusi cihazların istifadəsini tövsiyə etmir. Yeniyetmələrdə isə dərman müalicəsi yalnız kompleks proqramların nəticə vermədiyi hallarda və həkim nəzarəti altında müzakirə olunmalıdır. Piylənmənin uşaqların psixoloji vəziyyətinə təsirinə də diqqət çəkən ÜST, narahatlıq, depressiya və sosial təcridin piylənmə problemlərinə yol açdığını bildirmişdir.