Ezonn Xəbər

Ali Təhsil Müəssisələrinə "Tədqiqat Universiteti" Statusu Veriləcək Tələblər Təsdiqləndi

Ali Təhsil Müəssisələrinə "Tədqiqat Universiteti" Statusu Veriləcək Tələblər Təsdiqləndi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusunun verilməsi ilə bağlı tələblər təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov tərəfindən qərar imzalanıb. Qərarın əsas məqsədi ali təhsil müəssisələrinin elmi fəaliyyətini gücləndirməkdir. "Tədqiqat universiteti" statusu, Elm və Təhsil Nazirliyinin təklifləri əsasında, müvafiq dövlət orqanları tərəfindən 5 il müddətinə veriləcək. Statusun əldə edilməsi üçün ali təhsil müəssisələrinin müəyyən edilmiş tələbləri yerinə yetirməsi vacibdir. Bu tələblərə elmi kadr hazırlığı, elmi tədqiqat fəaliyyəti və akademik heyət ilə elmi infrastruktur daxildir. Müəssisə, status üçün müraciət etdiyi ilin əvvəlində ən azı 5 il fəaliyyət göstərməlidir. "Tədqiqat universiteti" statusu üçün magistratura (rezidentura) və doktorantura səviyyələrində ixtisasların sayı hər bir səviyyə üzrə ən azı 15 olmalı, elmi kadrların tələbləri arasında isə professor-müəllim heyətinin elmi dərəcəyə malik olma nisbəti minimum 70 faiz təşkil etməlidir. Həmçinin, akademik heyətin tərkibində elmi adı olan şəxslərin nisbəti 50 faizdən az olmamalıdır. Xaricdə təhsil almış professor-müəllim heyətinin sayının isə 20 faizi keçməsi gözlənilir.