Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Avropa Azərbaycan Məktəbində (EAS) COBIS Regional Tədris və Öyrənmə Konfransı təşkil olunub. Bu beynəlxalq konfrans müxtəlif ölkələrdən təhsil mütəxəssislərini bir araya toplayaraq, təhsildə bilik və təcrübə mübadiləsini təşviq etməyi hədəfləyir.
Konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca istedadlı şagirdlərin bədii proqramı qonaqlar tərəfindən maraqla qarşılanıb. Açılış mərasimində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini iştirakçılara konfransın əhəmiyyəti və beynəlxalq təhsil əməkdaşlığının rolunu vurğulayıb.
Konfrans, interaktiv təqdimatlar, müzakirələr və praktiki sessiyalarla davam edir. Burada təhsilin müasir çağırışları, aktual məsələləri və inkişaf perspektivləri ətrafında müzakirələr aparılır. İştirakçılar öz təcrübələrini bölüşərək, yeni yanaşmalarla tanış olurlar.
Tədbirdə Qazaxıstan, Özbəkistan, Rusiya, Çexiya, ABŞ, Rumıniya, Gürcüstan, İsveçrə, Hindistan və Tacikistan kimi müxtəlif ölkələrdən mütəxəssislər iştirak edir. Bu platforma, fərqli təhsil sistemlərini təmsil edən şəxslərin fikir mübadiləsi aparması üçün geniş imkanlar yaradır.
Avropa Azərbaycan Məktəbi, bu cür beynəlxalq konfranslara ev sahibliyi etməklə, təhsil sahəsində peşəkar inkişaf və qlobal əlaqələrin güclənməsinə öz töhfəsini verir. İki gün davam edəcək konfrans iştirakçılar üçün faydalı müzakirələr və yeni biliklər təqdim etməyi planlaşdırır.