Ezonn Xəbər

Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı — Video

Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı — Video
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilib sosial şəbəkələrdə yayılması ilə bağlı müraciətləri araşdırmağa başlayıb. Müraciət edən tələbələr, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunduğunu bildiriblər. Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində, 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, Nəhmədov “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrin foto və videolarını əldə edərək, süni intellekt proqramları vasitəsilə montaj edib. O, yarattığı saxta sosial şəbəkə hesablarında görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yayımını gerçəkləşdirib. Sonrakı mərhələdə isə həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib. KMBİ-də faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir. Vurğulanıb ki, vətəndaşların foto və video görüntülərini icazəsiz istifadə edərək hazırlanan təhqiramiz materiallar cinayət məsuliyyəti yaradır. Belə qanunsuz əməllərə yol verən şəxslərə qarşı ciddi hüquqi tədbirlər görüləcək. Törədilən əməlin xarakterindən asılı olaraq, azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.