Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi — Saxlanıldı

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və videolarının montaj edilməsi ilə şantaj edən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.
Əməliyyat zamanı müəyyən edilib ki, Nəhmədov “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə dəyişdirib. O, bu görünməz montajlarla təhqiramiz və rüsvayedici ifadələr daxil edərək saxta sosial şəbəkə hesablarında həmin materialları yayımlayıb.
Daha sonra, tələbələrdən bu görüntülərin silinməsi üçün pul tələb edən Nəhmədovun fəaliyyəti KMBİ-yə daxil olan müraciətlər əsasında aşkarlanıb. Hazırda faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.
DİN-in verdiyi məlumata görə, vətəndaşların şəxsi foto və videolarını süni intellekt texnologiyaları ilə icazəsiz istifadə edərək, rüsvayedici materialların hazırlanması cinayət məsuliyyəti yaradır. Bu kimi hallara yol verənlərə qarşı qanunvericiliyə uyğun ciddi hüquqi tədbirlər görüləcək.
Törədilən əməlin xarakterindən asılı olaraq, azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.