Ezonn Xəbər

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin süni intellekt ilə montaj edilərək sosial şəbəkələrdə yayıldığı ilə bağlı müraciətləri araşdırır. Məlum olub ki, bu görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb olunub. KMBİ tərəfindən aparılan əməliyyat nəticəsində 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Şəxsin, “TikTok” və “Instagram” platformalarından tələbələrə aid görüntüləri əldə edərək süni intellekt proqramları ilə montaj etdiyi və yaratdığı saxta profillərdə təhqiramiz ifadələr əlavə etdiyi müəyyən edilib. Bu əməllərlə əlaqədar KMBİ-də cinayət işi başlanaraq araşdırmalar davam etdirilir. DİN-in mətbuat xidməti bildirib ki, vətəndaşların foto və video görüntüləri üzərində icazəsiz əməliyyatlar müvafiq qanunvericiliklə cəzalandırılır. İcazəsiz istifadə edilən bu cür materialların yayılması və onların silinməsi müqabilində pul tələb edilməsi cinayət məsuliyyəti yaradır. Belə qanunsuz əməllərə yol verən şəxslər, törətdikləri əməlin xarakterindən asılı olaraq, azadlıqdan məhrumetmə cəzası ilə qarşılaşa bilərlər.