İnsult riskini azaltmağın yolları

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İnsult, ciddi sağlamlıq problemlərindən biri hesab edilir və əsasən illər ərzində yaranan risk faktorları ilə bağlıdır. Yüksək qan təzyiqi, artıq çəki, siqaret və alkoqol qəbulu, damar sağlamlığına mənfi təsir göstərərək insult ehtimalını artırır. Mütəxəssislər bu risklərin gündəlik vərdişlərdəki dəyişikliklərlə əhəmiyyətli dərəcədə azaldılmasını mümkün hesab edirlər.
SM-Clinic-in nevroloqu və yuxu mütəxəssisi Anna Suşa, Lenta.ru-ya verdiyi müsahibədə, insult riskini azaltmağın yollarını açıqlayıb. Onun sözlərinə görə, insultun qarşısının alınması üçün ilk növbədə siqaret və alkoqoldan uzaq durmaq vacibdir. Nikotinin qan damarlarına mənfi təsiri və alkoqolun qan təzyiqini yüksəltməsi, ürək ritminin pozulmasına yol açması səbəbindən bu vərdişlərin dayandırılması tövsiyə olunur.
Suşa, artıq çəki ilə mübarizənin də önəmini vurğulayır. Bədən çəkisinin 5-10 faiz azaldılması ürək-damar sisteminə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Yüksək qan təzyiqinin isə insultun əsas risk faktorlarından biri olduğunu xatırladan mütəxəssis, qan təzyiqinin mütəmadi ölçülməsinin vacibliyini qeyd edir.
Düzgün ölçmə qaydası da əhəmiyyətlidir. Həkim, təzyiq ölçülmədən əvvəl beş dəqiqə istirahət etməyin, rahat oturmanın və qolu ürək səviyyəsində saxlamağın lazım olduğunu bildirir. Daha dəqiq nəticə üçün isə bir-iki dəqiqə fasilə ilə iki-üç ölçmə aparılması tövsiyə olunur.
Həmçinin, qəfil yaranan keyimə hallarının diqqətdən kənarda qalmamalı olduğunu da ifadə edən Anna Suşa, əllərdə, barmaqlarda, dodaqlarda və ya ağız kənarında səbəbsiz keyimənin insultun xəbərdaredici əlaməti ola biləcəyini vurğulayır. Belə hal yarananda dərhal tibbi yardıma müraciət edilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edir.
Qeyd edək ki, neyrobioloq Viet Nguyen də infarkt və insult riskini artıra bilən gecə vərdişləri barədə xəbərdarlıq etmişdir.