Ezonn Xəbər

Türkiyə və Qətər arasında “Qarşılıqlı Müdafiə Sazişi” imzalandı

Türkiyə və Qətər arasında “Qarşılıqlı Müdafiə Sazişi” imzalandı
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Dolmabağça sarayında görüşüb. İki lider arasında baş tutan təkbətək müzakirələrdən sonra nümayəndə heyətləri ilə birlikdə danışıqlar aparılıb. Görüşün əsas müzakirə mövzuları arasında Türkiyə-Qətər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər yer alıb. Prezident Ərdoğan, iki ölkə arasında imzalanan “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni bir perspektiv gətirəcəyini qeyd edib. O, həmçinin “Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. Enerji sahəsində əməkdaşlığın genişlənməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişafı da müzakirə olunan mövzular arasında olub. Tərəflər, Körfəz regionunda müharibənin yenidən alovlanmasının qarşısının alınması və problemlərin diplomatik yollarla həlli üçün atılacaq addımları müzakirə ediblər. Qəzzada mövcud vəziyyət, Suriyanın normallaşma prosesi və Liviyadakı son hadisələr də danışıqların gündəmində olub. Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında beş fərqli saziş imzalanıb. Bu sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil və münaqişələrin həlli mövzuları ilə yanaşı, qarşılıqlı müdafiə sahələrini də əhatə edir.