Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən tədbirdə Leyla Əliyeva Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı çıxış edib. Tədbirdə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunu müzakirə edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti olan Leyla Əliyeva, Xəzər dənizinin səviyyəsinin azalmasının, burada yaşayan nadir canlı növlərinə, o cümlədən nərə balıqlarına və Xəzər suitilərinə ciddi təhlükə yaratdığını bildirib. O, ekoloji problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın və elmi araşdırmaların vacibliyini vurğulayıb.
Leyla Əliyeva, IDEA İctimai Birliyinin bu sahədə apardığı tədqiqatlar və layihələr haqqında məlumat verərək, Xəzər suitilərinin sayının azalması ilə bağlı elmi ekspedisiyalar təşkil edildiyini, balıq ehtiyatlarını bərpa etmək üçün müxtəlif balıq körpələrinin su hövzələrinə buraxıldığını qeyd etdi.
O, həmçinin 2011-ci ildən bəri Xəzər sahillərinin təmizlənməsi məqsədilə təşkil edilən aksiyalara 7 minə yaxın könüllünün qoşulduğunu, 120 tondan çox tullantının toplanaraq təkrar emala yönəldildiyini bildirdi. Leyla Əliyeva, Xəzər dənizinin gələcəyinin indiki dövrdə qəbul edilən qərarlardan asılı olduğunu vurğuladı.
Tədbirdə eyni zamanda IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti də çıxış ediblər. Müzakirələr zamanı iqlim amilləri, biomüxtəlifliyin qorunması və regional əməkdaşlıq məsələləri müzakirə edilib. IDEA İctimai Birliyi tərəfindən Xəzər dənizinin ekoloji vəziyyətinə dair qısametrajlı bir sənədli film də təqdim olunub.