Ezonn Xəbər

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil edilən müzakirələrdə Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. O, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri olaraq tədbirdə çıxış edib və dəniz səviyyəsinin azalmasının nadir canlı növlərinə, o cümlədən nərə balıqlarına və Xəzər suitilərinə ciddi təsir etdiyini bildirib. Leyla Əliyeva, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların artırılması, beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, IDEA İctimai Birliyinin bu istiqamətdəki layihələrinə toxunaraq, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdıran elmi ekspedisiyaların təşkil edildiyini qeyd edib. Həmçinin, balıq ehtiyatlarının bərpası məqsədilə müxtəlif növ balıq körpələrinin su hövzələrinə buraxıldığına diqqət çəkib. Eyni zamanda, Leyla Əliyeva təşkilatın Xəzər sahillərinin təmizlənməsi üzrə fəaliyyətlərindən də bəhs edib. 2011-ci ildən bu yana keçirilən sahilyanı təmizlik aksiyalarında 7 minə yaxın könüllü iştirak edərək, 120 tondan çox tullantının toplanılıb təkrar emala yönləndirildiyi bildirilib. O, Xəzər dənizinin gələcəyinin bugünkü qərarlardan asılı olduğunu vurğulayaraq, zəngin təbiətinin qorunması çağırışında bulunub. Tədbirdə, IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti də çıxış ediblər. Sonrakı panel müzakirələrində IDEA-nın Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov və digər beynəlxalq mütəxəssislər iştirak edərək Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri, biomüxtəlifliyin qorunması və regional əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin ekoloji vəziyyətinə dair qısametrajlı sənədli film nümayiş etdirilib.