Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) əməkdaşlığı ilə Azərbaycan pavilyonunda biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpasına dair tədbir təşkil edilib.
Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, iqlim dəyişmələrinin, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyasının bir-biri ilə sıx qarşılıqlı əlaqədə olduğunu vurğulayıb. O, bu problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın, həmçinin yerli icmaların mühafizə işlərinə cəlb edilməsinin vacibliyini qeyd edib.
Leyla Əliyeva, Azərbaycanın nadir və nəsli kəsilmək təhlükəsi altında olan 700-dən çox bitki və heyvan növünün "Qırmızı Kitab"a daxil edildiyini bildirib. O, IDEA İctimai Birliyinin 2012-ci ildən etibarən həyata keçirdiyi "Böyük beşlik" təşəbbüsünü də xatırladıb. Bu təşəbbüs çərçivəsində Qafqaz bəbirinin, ceyranın, qonur ayının, boz canavarın və imperator qartalının mühafizəsi planlaşdırılır.
Tədbirdə, WWF-nin iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal da çıxış edib. Daha sonra keçirilən panel müzakirələrində WWF Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Cənubi Qafqazda Ekoloji Dəhlizlər Proqramının baş texniki məsləhətçisi Yerney Stritih və digər mütəxəssislər iştirak edərək biomüxtəlifliyin qorunması, ekoloji dəhlizlərin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.