Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) “Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar” mövzusunda tədbir keçirmişdir. Leyla Əliyeva tədbirin açılışında çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalmasının nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin qorunmasına təhlükə yaratdığını vurğulayıb.
Leyla Əliyeva, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin və beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. O, IDEA İctimai Birliyinin Xəzər suitilərinin mühafizəsi istiqamətində apardığı elmi ekspedisiyalar və balıq ehtiyatlarının bərpası üçün həyata keçirilən layihələr barədə məlumat verib.
O, həmçinin 2011-ci ildən etibarən IDEA-nın Xəzər sahillərinin təmizlənməsi üçün təşkil etdiyi aksiyalarda 7 minə yaxın könüllünün iştirak etdiyini; 120 tondan çox tullantının toplanaraq təkrar emala yönəldildiyini bildirmişdir. Leyla Əliyeva, Xəzər dənizinin gələcəyi ilə bağlı qəbullanacaq qərarların əhəmiyyətini vurğulayaraq, onun zəngin təbiətinin qorunmasında cəmiyyətin aktiv iştirakına çağırıb.
Tədbirin açılışında IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsi Dario Liquti də çıxış ediblər. Panel müzakirələrində IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, “Great Whale Conservancy” təşkilatının təsisçisi Maykl Fişbax və Cenevrə Universitetinin nümayəndəsi Aleksandr Hedjazi iştirak ediblər. Müzakirələrdə Xəzər dənizinin səviyyəsinin azalması, biomüxtəlifliyin qorunması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ayrıca, IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin ekoloji vəziyyətinə dair qısametrajlı sənədli film nümayiş edilib.